IQNA

Quran nədir? / 39

İnsanlara yaxşı davranış öyrədən və nəticələr qazandıran kitab

8:18 - November 14, 2023
Xəbər sayı: 3494989
TEHRAN (İQNA) – Hər hansı bir kitabı oxumaq üçün xüsusi ədəb qaydalarına riayət etməyə ehtiyac yoxdur. Amma hər bir müsəlmanın evində xüsusi ədəb qaydaları ilə oxumalı olduğu bir kitab var.

Bu kitab Qurani-Kərimdir və Quran tilavəti xüsusi əhəmiyyət kəsb edir. Əgər qiraəti qısa izah etmək lazımdırsa, bu, ayələr arasındakı xüsusi nizama diqqət edərək, ayələrin əsas məfhum və mənaları üzərində düşünərək Qurani-Kərimi oxumaq deməkdir. Bu şəkildə oxumağın məqsədi insan şəxsiyyətini və insan düşüncələrini və dəyərlərini inkişaf etdirməkdir.

Bu məsələ o qədər əhəmiyyətlidir ki, Allah Peyğəmbərimizə (s) həyatının ilk illərində gecələr oyanıb Quran ayələrini oxumağı əmr etmişdir: "Müzzəmmil" surəsi 1-dən 4-ə qədər olan ayələr:

"Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!".

"Gecə -az bir hissəsi istisna olmaqla- qalxıb namaz qıl!

"(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az";

"Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!".

İnsan xüsusi bir yerə gedəndə və ya hörmətli bir insanla qarşılaşdıqda ən yaxşı paltarını geyinir və xoş ətirlər vurur. Qurani-Kərim kimi dəyərli və mənalı bir kitabı oxumaq üçün hörmət baxımından bəzi ədəb qaydalarına əməl etməliyik. Məsələn, dəstəmaz almaq, təmiz olmaq, gözəl qoxu vermək, dişləri fırçalamaq..... və s.

Quranı oxumağa başlamazdan əvvəl bu ədəb qaydalarına riayət etmək bizə Vəhy Kəlamından daha çox faydalanmağa kömək edəcək.

Tərtil, lüğətdə “bir şeyi gözəl şəkildə düzmək, nizamlamaq, aşkara çıxarmaq və izah etmək” mənasını verir. Burada nəzərdə tutulan Quranı aydın və səliqəli, diqqətlə və yavaş-yavaş, mənasını düşünərək oxumaqdır. Quranı belə oxumaq Quranı anlamaq və mənaları üzərində düşünmək üçün daha əlverişli olduğu üçün Allah-taala onun bu şəkildə oxunmasını əmr etmişdir.

İmam Sadiqdən (ə) nəql olunur: “Tərtil, Quran oxuduqda cənnət ayələrinə çatdıqda Allahdan cənnət istəmək, cəhənnəm ayələrinə çatdıqda isə Allaha sığınmaq deməkdir".

Quran oxumağın faydalarından biri də insanın ruhunu sakitləşdirməsidir. Quran ayələri bizə Allahı xatırlatdığı üçün insanın ruhu və qəlbi rahatlıq tapır. “Agah olun ki, qəlblər ancaq Allahı zikr etməklə aram tapar“(Rəd, 28).

captcha