IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 39

İsa Məsihi (ə) ilk təsdiq edən Yəhyadır

17:48 - May 01, 2023
Xəbər sayı: 3494108
Zəkəriyya peyğəmbərin (ə) oğlu Yəhya (ə) uşaqlıqdan peyğəmbər olub. İsa Məsihin (ə) peyğəmbərliyinin təsdiqində təsirli rol oynamış, lakin sonda atası kimi öldürülmüşdür.

Zəkəriyyanın (ə) oğlu Həzrət Yəhya (ə) bəni-İsrail peyğəmbərlərindən idi. Yəhya adının ona qoyulma səbəbi ilə bağlı çoxlu səbəblər söylənilib; o cümlədən, Allah onun varlığına görə anasının sonsuzluğunu aradan qaldırmış və onu yenidən həyata qaytarmışdır. Bəziləri demişlər ki, Allah onu imanla diriltdi və ya Allah onun qəlbini peyğəmbər məqamı ilə diriltdi və ondan əvvəl heç kəs bu adla çağırılmamışdı.

Həzrət Yəhya (ə) uşaq ikən peyğəmbərlik məqamına çatmışdır. Allah bu yaşda ona çoxlu hikmət, elm və ağıl verdi ki, peyğəmbərlik məqamına çatmaq üçün ləyaqət tapdı.

Həzrət Yəhyanın (ə) imtiyazlarından biri də budur ki, Allah onu Məsihin (ə) peyğəmbərliyini təsdiq edən, çox pak və təqvalı bir rəhbər və yaxşıların peyğəmbəri kimi tanıtdırır. Yəhya (ə) xristianlar arasında “Vaftizçi Yəhya” kimi tanınır. Bu ad ona görədir ki, İsa (ə) onun tərəfindən vaftiz edilmişdir.

O, Musanın dinini təbliğ etdi və İsa, peyğəmbər olduqdan sonra ona iman gətirdi. Tarixə görə, Yəhya İsadan altı ay və ya üç yaş böyük idi və onun peyğəmbərliyini təsdiq edən ilk şəxs idi. Yəhya zahidliyi və paklığı ilə insanlar arasında məşhur olduğu üçün onun dəvəti insanların Məsihə (ə) diqqətinin artmasında böyük təsir göstərmişdir.

Tarixi və dini mənbələrdə Həzrət Yəhyanın (ə) beş xüsusiyyəti qeyd olunur; İsaya iman, elm və əməldə mükəmməllik, mərdlik, zahidlik və böyüklük. Onun zahidliyi haqqında deyilənlərə görə, o, çox ağlayır, kobud paltarlar geyinirdi.

Həzrət Yəhyanın (ə) adı Quranın 4 surəsində beş dəfə çəkilir. Yəhyanın (ə) doğum hekayəsi, həyatının bir hissəsi və sifətləri qeyd olunur. Digər məsələlərlə yanaşı, “Məryəm” surəsində Yəhyanın xüsusi xüsusiyyətləri zikr olunur və belə xitab edilir:

وَ سَلامٌ عَلَیهِ یوْمَ وُلِدَ وَ یوْمَ یمُوتُ وَ یوْمَ یبْعَثُ حَیا:

Ona doğulduğu gündə də, öldüyü gündə də və diriləcəyi gündə də salam olsun!” (Məryəm, 15).

İncildə Yəhya haqqında Qurandakılarla demək olar ki, eyni olan müxtəlif hekayələr var. Luka İncilində Yəhyanın doğum hekayəsinin Zəkəriyyaya xəbər verilməsi gəlmişdir. İncillərdə Yəhyaya işarə edilən ən mühüm məsələ İsanın (ə) təsdiqi, onun salehliyini təbliğ etməsi və İsanı vaftiz etməsidir.

Yəhya da atası Zəkəriyya kimi öldürüldü. Bəni-İsrail padşahlarından biri öz qohumlarından birinə aşiq olub onunla evlənmək istəyəndə Həzrət Yəhya bu hərəkətə qarşı çıxdı. Xanım Yəhyanın başını nikah şərti qoydu. Bəni-İsrail padşahı Yəhyanın öldürülməsini əmr etdi və Yəhyanın başını qızıl qabda məşuqəsinə göndərdi.

Yəhyaya aid edilən ən məşhur məqbərə Dəməşqin Əməvi məscididir ki, ona görə Yəhyanın cənazəsi bu məsciddə, başı isə Dəməşqin Zəbdani məhəlləsindəki məsciddə dəfn edilib.

captcha