IQNA

İslamda zəkat / 6

Zəkat verməyin fərdi faydaları

8:37 - November 13, 2023
Xəbər sayı: 3494988
TEHRAN (İQNA) – Zəkat İslamın hökmlərindən biridir və fərdi həyatda yaxşı nəticələri və əməli təsirləri olan dini bir öhdəlikdir.

Xəsislik özündən sonra başqa qüsurlar gətirən bir qüsurdur. İnsanlara əhəmiyyət verməmək, daşürəkli olmaq, yaxşı dostları itirmək, özünə və yaxınlarına qarşı sərt olmaq, Allahın vədlərinə şübhə etmək, Allaha təvəkkül etmək əvəzinə öz malına güvənmək və s. kimi bir çox pis davranışları da özü ilə gətirir.

Allah Qurani-Kərimdə buyurur: “Kim nəfsinin xudbinliyindən özünü qoruya bilsə, nicat tapan da məhz onlardır”. (Həşr, 9 - Təğabun, 16).

Bəlkə də Allahın “Tövbə” surəsinin 103-cü ayəsində Peyğəmbərə göstərişindən məqsəd xəsislikdən xilas olmaqdır. “Onların mallarından sədəqə al ki, onları pak edəsən! Və onlar üçün dua et”.

İmam Sadiq (ə) buyurur ki, öz malından zəkat verən şəxs xəsislikdən xilas olar.

Ruzinin bərəkətli olması

Quranda zəkat və bərəkət sözlərinin 32 dəfə zikr edilməsi zəkatın bərəkətə bərabər olduğunu göstərir. Üzüm ağacının budaqlarını kəsmək ağacı qısaltsa da, əslində onun böyüməsinə və inkişafına kömək edir.

 “Bəqərə” surəsinin 276-cı ayəsi: "Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!".

Hədislərdə oxuyuruq ki, zəkat insanın ruzisini artırır.

Malların və əmlakın sığortası

İmam Kazim (ə) buyurur: “Malınızı zəkat verməklə sığortalayın”.

İmam Sadiq (ə) həmçinin buyurur: "Əgər zəkat versəniz, malınızın dənizdə və quruda itməyəcəyinə zəmanət verirəm".

Allah qatında sevimli olmaq

İmam Sadiq (ə) buyurur ki, Allahın ən çox sevdiyi şəxs səxavətli, ən səxavətli insan isə sədəqə verən və möminlərə xəsislik etməyəndir.

Allaha yaxınlaşmaq

İmam Sadiq (ə) buyurur: Allah zəkatı namazla yanaşı, Ona yaxınlaşmaq üçün vəsilə etmişdir.

Allahın xüsusi mərhəmətini qəbul etmək

Qurani-Kərimdə oxuyuruq: “..Mənim rəhmətim hər şeyi əhatə etmişdir; Mən də rəhmətimi Allahdan qorxanlara, sədəqə verənlərə və ayələrimizə iman gətirənlərə yazacağam”. (Əraf, 156 və Tövbə, 71).

 “Maidə” surəsinin 12-ci ayəsi: "Əgər siz namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirsəniz və onlara yardım etsəniz və Allah rizası üçün borc versəniz, Mən sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm".

İnsanın ilahi şəxsiyyətə çevrilməsi

Necə ki, Allah hər kəsə rəhmətini bəxş edir, sədəqə verən də möhtaclara lütfünü yağdırır, bununla da özündə Allah əxlaqını çiçəkləndirir və Allahın rəhmətinin təcəllisinə çevrilir.

Cəzadan xilas olmaq

Allahı inkar edənlər tövbə etməklə, namaz qılmaqla və zəkat verməklə əzabdan xilas ola bilərlər. "Əgər tövbə etsələr, namazlarını qılıb zəkat versələr, onları buraxın. Allah hökm edəndir, bağışlayandır" (Tövbə, 5).

Duanın qəbul olunması

Hədislərə görə, insanın duasının qəbul olması üçün onun qazancı halal olmalı, Allah rizası üçün xums və zəkat verməlidir.

Namazın qəbul olunması

Peyğəmbərimiz “zəkatını versən, namazın qəbul olar” buyurmuşdur.

Malların daimiliyi

Zəkat əslində qiyamət üçün bir sərmayədir. Fani dünyanın mallarını daimi edir. Dünyadakı müvəqqəti və əziyyətli uğurları zəkat verməklə qəti, daimi və problemsiz uğura çevirmək olar.

Gözəl həyat

İmam Sadiq (ə) buyurur ki, əgər insanlar xums və zəkat kimi dini vacibatlarını yerinə yetirsələr, mütləq gözəl həyat sürəcəklər.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Zəkat" kitabından götürülmüşdür.
captcha